Bia.Az

Azərbaycanda 200 manat 25 ilin jurnalistindən hörmətlidir…

KÖŞƏ YAZARLARI
 2-01-2023, 13:22     73

Təsadüfən internetdə qarşıma çıxdığı üçün xatırladım. Səkkiz il əvvəl “Xadimə işləmək üçün də tanış lazımdır” adlı məqalə yazmışdım. Aradan uzun müddət keçdiyi üçün həmin yazının nədən bəhs etdiyi dəqiqq yadımda deyil. Keçmişdə ilişib qalmağın tərəfdarı olmadığım üçün o vaxt yazdıqlarımı indi oxuyub mövzunu xatırlamağa lüzum görmədim. 
Bilirsiniz, niyə? 
Aradan uzun müddət keçsə də, heç nə dəyişməyib. Səkkiz il əvvəl necəydisə, indi də elədir. Yəni səkkiz il əvvəl vəzifədə işləyən qohumu, yaxşı arxası, “dayısı” olmayan adamlara iş vermədikləri kimi indi də bütün qapılar bu kateqoriyanın üzünə bağlıdır. Deyilənlərə görə, Azərbaycanda 80 il əvvəl də belə olub. Bizdən törəyənlər bizə oxşadıqları üçün yəqin ki, 80 il sonra da belə olacaq…
Ədəb-ərkanı, qanacağı ilə seçilən bir həmkarımın başına gələn işdir: Ötən il Yeni il bayramında kəndə gedəndə atasının kiçik bir müşkülünün olduğunu öyrənir. Ağsaqqal oğlunun narahat olduğunu görəndə onu sakitləşdirməyə çalışır: “A bala, narahat olma. bayramdan sonra 200 manatımı verib iş həll edəcəm”.
Mənim saf ürəkli, sadəlövh həmkarım əl-ayağa düşür: “A kişi, nə pul, nə hörmət?! Bakıda yüz tanışım var. Deyəcəm, onlar həll eləsin”.
Kişinin bu söhbətdən ağlı bir şey kəsməsə də, oğlunun xətrinə dəymir. Deyir ki, başının ucalığıdır, düzəldə bilirsən düzəlt…
Jurnalist həmkarım danışır: “Düz üç ay ağız açmadığım adam qalmadı. Deputatdan tutmuş xalq artistinə qədər azı 20 nəfərə minnətçi düşdüm. Üç ay sonra dədəm zəng edib işin taleyilə maraqlandı. Ömrümdə ilk dəfə kişiyə yalan danımalı oldum: “Qağa, hörmətli bir yoldaş var, gələn həftə ona ağız açacağam””.
Ağsaqqalın cavabı belə olub: “Ay oğul, heç kimə ağız açma. Dünən 200 manat verdim, bu gün iş düzəldi”.
Oxşar hadisə mənim də başıma gəlib. Adil adlı dostum 4 ay əvvəl xahiş etdi ki, nəvəsinin evlərinin yanındakı bağçaya götürülməsinə köməklik edim.
Adil Bakıətrafı qəsəbələrin birində yaşadığı üçün bu işin tez həll olunacağını düşündüm.
Dörd ay ərzində Elm və Təhsil Nazirliyinin yuxarı, orta və aşağı eşelonunda çalşan 7 nəfərə ağız açdım. Üzə düşüb 3 deputata zəng elədim. İki ay əvvəl toyda görüşdüyüm iki məmurdan ayrı-ayrılıqda Adilin nəvəsinə kömək etməyi xahiş etdim. Amma müdirənin dilindən “yer yoxdur”dan başqa söz eşidə bilmədik…
Dünən Adilə zəng etmişdim. Bayramını təbrik edəndən sonra utana-utana dedim ki, narahat olmasın, tətildən sonra uşağın işiylə məşğul olacam.
Gülə-gülə belə dedi: “Ay qardaş, narahat olma, 200 manat verib uşağı bağçaya götürtdüm”.
Əvvəl çox sevindim. Zarafat deyil, üstümdən ağır bir yük götürülmüşdü.
Amma sonra bərk məyus oldum. Əgər bu ölkədə 25 ilin jurnalistinin 200 manatlıq hörməti yoxdursa, biz niyə yaşayırıq?!
Rüşvətsiz iş görməyən məmurların üzü qara olsun. Dost-tanışın, qohum-qardaşın, yoldaşın yanında üzümüzü qızartdıqları üçün…
Seymur VERDİZADƏ скачать dle 12.1