Bia.Az

509 il əvvəl Makuda bitən savaşın Bakıda davamı...

KÖŞƏ YAZARLARI
 16-01-2023, 11:38     31

Artıq məndə belə bir qənaət hasil olub ki, özünü beyin mühəndisləri hesab edən bir dəstə adam var, çayxanada-filanda oturub qımışa-qımışa mərcləşirlər, deyirlər, bu saat istəsək, ölkənin gündəmini dəyişərik, ortalığa elə tema (mövzu yox ha, tema) atarıq ki, hamı o barədə yazar, danışar.

Bəlkə də belə deyil, amma fakt odur ki, vaxtaşırı ortalığa o cür temalar atılır və xeyli adam onun müzakirəsinə qatılaraq mübahisə edir, sonra daha da qızışıb söyüşməyə başlayırlar. Bir-birinə qarğış edənlər də olur.
7-8 bu cür həssas, insanların ovqatına, heysiyyattına toxunan mövzu var, hərəsi ildə bir, bəzən iki dəfə aktual olur.
Bunlardan biri “rayonlu-şəhərli” söhbətidir. Vaxtaşırı kimsə “rayondan gəlib Bakını korlayanlar”a ilişir və axırda belə cavab alır ki, Bakıda heykəli olanların hamısı vaxtilə kəndlərdə doğulanlardır. Bu, hələ ən intellektual cavabdır. Əslində tərəflər çox uzağa gedirlər. Sanasan, söhbət iki yad millətdən gedir. Son illər bu mövzunu Bəhram Bağırzadə çox qabardır – görünür, saf niyyətlə edir.
“Rayonlu-şəhərli” polemikasından bir xətt də ayrılıb “azsektor-russektor” istiqamətinə gedir. Bu da aktual mövzudur və onun gündəmə sıçraması və sözün ortasındakı “ra” hecasını ixtisar etməsi ildə ən azı 3 dəfə olur: bir dəfə ali və orta məktəblərdə dərslər başlananda, bir dəfə ali məktəblərə qəbul zamanı, bir dəfə də elə-belə, qeyri-müəyyən vaxtda.
Bu xüsusda gedən şiddətli söz atışmasında hələ ki tam və qəti qələbə çalan yoxdur. Arada türkdillilər üstünlük qazanır, sonra rusdillilər revanş götürürlər. Axırda ingilisdillilər meydana girib məsələni həll edəcəklər. Belə bir tendensiya müşahidə olunur.
Səfəvi hökmdarı Şah İsmayıl ilə Osmanlı xanədanının hünkarı Sultan Səlimin arasındakı ixtilaf 509 il öncə Makuda, Çaldıranda olub-bitib, amma Bakıda, bizim sosial şəbəkədə “Şah İsmayıl-Sultan Səlim” davası bitmir ki bitmir, ildə bir dəfə yenidən qızışır. “Şah babama bir söz deyənin ağzını cıraram” deyənlərlə sultan babasına qahmar çıxanlar heç cür sülhə gəlmək istəmirlər. Hərçənd bəlkə də həmin şah və sultan babalar hələ də hakimiyyətdə olsalar, bu “nəvələr” çox danışdıqlarına görə dar ağacında yellənərdilər.
Vaxtilə ildə 12 dəfə “AXCP-Musavat davası” da düşərdi, tərəflər bir-birini haqsız çıxarardılar. İndi o mövzunu bir-iki fəal davam etdirir, daha ortalıq qarışmır. Bir kütləvi polemikadan canımız qurtarıb, deyəsən.
Ancaq “Elçibəyin dövrü”nə dair dava hələ səngiməyib. Qarşıdurma davam edir. Düzdür, 20-ci yüzilliyin cəmi 1 ilində Elçibəy hakimiyyətdə olub, amma kənardan polemikanın, mübahisənin şiddətinə baxan elə bilər ki, ötən əsrin ən azı yarısı Elçibəyin hakimiyyəti altında keçib. Nəyə görəsə belədir. Güman ki, bu söhbət 2092-ci ilə qədər davam edər, amma ondan o yana keçməz. Hər halda 2095-ci ildə “Elçibəyin vaxtında camaat evdən çölə çıxa bilmirmiş”, “xalq jımıx yeyirmiş” söhbətləri olmaz. (Yeri gəlmişkən, hələ indiyəcən “bəli, Elçibəyin dövründə biz ailəlikcə jımıx yeyirdik” deyən bir nəfərə rast gəlinməyib).
Səməd Vurğunun şairliyi və insaniyyəti mövzusu da əbədi polemika predmetidir. Vaxtaşırı qabarır, tərəflər dalaşır. Fəqət ildən-ilə hiss olunur ki, nə Vurğunun gənc elektoratı, nə də ona müxalif olanlar şairin şeirlərini oxumur.
Xəngəl, ləvəngi, piti, lüləkabab, sürhüllü və bu kimi təamlar üstündə gedən mahallararası qovğa isə çox da şiddətli deyil. Ara-sıra bu temada ixtilaflar baş versə də, bütün mahallardan olan qurmanlar (qarınqulu deyəndə pis çıxır, “qurman” daha elitar səslənir) adları çəkilən və çəkilməyən təamları gözlərinə təpirlər. Ola bilər ki, prinsipə düşüb tərifləməsinlər, eləcə, “bu da pis deyil, yemək olar” deyə rəy versinlər.
“Kişi-qadın münasibətləri” mövzusu isə heç vaxt gündəmdən düşmür. Bu tema ildə 365 gün müzakirə olunur. Son durum belədir ki, kişilər strateji yüksəklikləri əldən veriblər, adsız təpəliklərdə mövqe tutublar. İndi onlar, əvvəlki vaxtlarda olduğu kimi, arvadı sərbəst şəkildə, istədikləri qədər döyə, söyə bilmirlər. Elə bir iş tutanın adı çıxır, polisə izahat verməli olur, başına oyun gəlir.
Daha bir neçə məsələ də var ki, əbədi mübahisə predmetidir. Məsələn, din-məzhəb, bəzi arxaik bayramlar-filan.
Ən pisi odur ki, biz illərdir bu mövzuları müzakirə edib bir tərəfə çıxara, nəyin düz, nəyin yanlış olduğunu təsbit edə bilməmişik. Bizimki mübahisə edib, dalaşıb, söyüşüb, dağılışmaqdır.
Samir SARIскачать dle 12.1