Bia.Az

Aİ Ermənistana göndərəcəyi missiyanın mandatını təsdiqlədi – Rəsmi Bakı narazıdır...

Siyasət
 24-01-2023, 01:19     31

Avropa İttifaqı (Aİ) Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

“AzPolitika.info” xəbər verir ki, missiyanın məqsədi kimi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit təmin etmək göstərilib.

“Aİ-nin Ermənistanda missiyasının yaradılması Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsini açır. Aİ gərginliyin azaldılması üçün səyləri dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsinə nail olmaq üçün hər iki tərəflə yaxından işləyəcək”, - Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

Qeyd olunur ki, missiya həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi prosesdə vasitəçilik səylərinə töhfə verəcək.

EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandanı Stefano Tomat, EEAS-ın Mülki Planlaşdırma və Davranış üzrə İdarəedici Direktoru olacaq. Sahə əməliyyatlarına cavabdeh olan missiyanın rəhbəri yaxın vaxtlarda təyin olunacaq.

Xatırladaq ki, rəsmi Bakı Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsindən narazıdır. Prezident İlham Əliyev bəyan edib ki, Aİ-nin bu qərarı Praqa razılaşmasına ziddir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyəcək./“AzPolitika.info”скачать dle 12.1