Bia.Az

Pensiya yeniliyi haçan qüvvəyə minir?

Sosial
 23-01-2023, 13:50     29

Milli Məclisin əmək və sosial siyasət komitəsinin 23 yanvar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Plenar iclasa tövsiyə olunan layihə minimum pensiyanın fevralın 1-dən 280 manata yüksəlməsini nəzərdə tutur.

2022-ci il yanvarın 1-dən əmək pensiyasının minimum məbləği 240 manatdır. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il sərəncamında əmək pensiyasının minimum məbləğini 280 manata qaldırmaq tapşırığı yer almışdı.

Novator.az bildirir ki, ilkin rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə 1 milyon 115 min nəfərə yaxın pensiyaçı qeydiyyata alınıb.
Ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2023-cü il üçün 40320 manat) tələb olunur.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır.

Əks halda pensiya yaşı çatan şəxsə yaşa görə müavinət verilir.

Yaşa görə müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 220 manatdır.

2023-cü ildən bütün pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,6 faiz artıb. İllik yekun rəqəm fevral ayında açıqlanacaq.скачать dle 12.1