Bia.Az

Neftçalada yol problemi: Bankə qəsəbə sakinləri fəryad edir

Sosial
 23-01-2023, 14:48     34

Kür çayının Xəzərə töküldüyü yerdə, respublikamızın ortasında yerləşən rayon bu gün əsas yollardan və diqqətdən kənarda qalmışdır. Halbuki vaxtilə Neftçala təkcə pambıqçılığı və taxılçılığı ilə deyil, həm də neft mədənləri və sənayesi, Yod-brom zavodu, balıqçılıq müəssisələri ilə ölkənin inkişaf eləmiş rayonlarından biri sayılıb, əhalinin də elə bir ciddi dolanışıq qayğısı olmayıb. İndi vəziyyət başqadır. Balıqçılıq və sənaye müəssisələrinin çoxu sıradan çıxıb, işsizlik artıb, rayon baxımsız vəziyyətə düşüb. Hətta Neftçala şəhərinin özündə bəzi məhəllələrdə qaz, su yoxdur, şəhərarası yollar bərbaddır, işıq xətləri köhnəlib. Rayonda ən ciddi problemlərdən biri yollarla bağlıdır.. Neftçala şəhərini əhatə edən yollar, Qoltuq- M.Ə.Rəsulzadə- Mayak-2 yolunun, Neftçala şəhəri Mərkəzi qəbiristanlığa (Pir yolu) gedən yolun yenidən qurulması üçün işlər aparılır deyilsə də,  sözügedən yolun yalnız bir hissəsi təmir olunub.

Yolları bərbad vəziyyətdə olan yerlərdən biri də məşhur Bankə qəsəbəsidir. Qəsəbə sakini İslam Bayramovun saytımıza bildirdiyinə görə onun yaşadığı Ceyhun Mikayılov küçəsində faktik olaraq hərəkət etmək mümkün deyil: “Yollar düz 10 ildir bərbad vəziyyətdədir. Bu da ərazidə yaşayan insanların gediş-gəlişində və avtomobillərin hərəkətində problemlərə səbəb olur”.



İ.Bayramovun bildirdiyinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, məsələ öz həllini tapmayıb: “Rayon icra başçısı Mirhəsən Seyidovun qəbulunda dəfələrlə olmuşam. O hər dəfə vəd versə də heç bir iş görülməyib. Axı biz də insanıq, biz də normal şəkildə evimizdən çıxıb yol görmək istəyirik”.

Məlumata görə Bankə qəsəbəsinin giriş hissəsindən 30-40 m ərzidə divarlar rəsmlərlə bəzədilib, bir qədər irəlidə isə sadəcə hasarlar sarı boya ilə boyanıb. Qoltuq- M.Ə.Rəsulzadə- Mayak-2 yolunun bir hissəsi təmir olunub. Mərkəzi qəbristanlığa gedən(Pir yolu deyilən yol) isə hazırda bərbad vəziyyətdədir. Məsələnin əsas tərəfi ondan ibarətdir ki, yolun mərkəzi və göz önündə olan hissəsi təmir olunsa da, ara yollara ümumiyyətlə baxılmır. Yerli sakinlər aradabir, alayarımçıq aparılan “yol təmiri işləri”nə şübhə ilə yanaşırlar. Deyirlər ki, mütləq kimsə gələcək deyə yolun göz qabağında olan bir hissəsi təmir olunur, ara yollar isə gözdən çıxarılıb.

Sakinlər deyirlər ki, bu yolların təmiri ilə birbaşa məşğul olmalı olan bələdiyyə vətəndaşların qarşısına çıxıb hər-hansı vəd də vermir. Bu səbəbdən göz boyamaq üçün hasarların bir hissəsinin boyanmasının nəzərdə tutulan yolun sonuna qədər bəzədiləcəyinə, abadlıq işlərini davam etdirəcəklərinə də şübhə ilə yanaşırlar.

Bir sözlə, sakinlər bu günə qədər əsaslı təmir işləri aparmayan aidiyyatı qurumların Neftçalada iri miqyaslı təmir işləri aparacağına inanmırlar.скачать dle 12.1